Nazir müavini "Səhliyalı" şirkətinə təşəkkürnamə verdi
Sentyabrın 8-i və 9-da Naxçıvanda ilk dəfə “Aqro festival” keçirilib.
Nazirliyin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşovanın rəhbərliyi altında "Sahil" parkında keçirilən 2 günlük festivalda 45 şirkət, 55 ailə təsərrüfatçısı iştirak edib.
Tədbirə ət və ət məhsulları istehsalı ilə məşğul olan şirkətlərdən “Səhliyalı” kiçik müəssisəsi dəvət edilib.
Festivalın baş tutduğu ərazidə şirkətə məxsus çadır və stendlər qurulub, məhsullar nümayiş etdirilib və satış həyata keçirilib.
“Aqro festival”ın bağlanış mərasimində bütün iştirakçılara, o cümlədən “Səhliyalı” şirkətinin rəhbər şəxslərinə təşəkkürnamələr təqdim edilib.
İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov festival iştirakçılarına təşəkkür edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Bakıdan və xaricdən qatılan mütəxəssislərin də iştirak etdiyi festivalda regionun torpaq-iqlim şəraitinə uyğun bitki sortlarının düzgün seçimi, məhsuldarlığın artırılmasında aqrotexniki qulluğun əhəmiyyəti barədə maarifləndirmə işləri də aparılıb.
Festival çərçivəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və iri şirkətlərin nümayəndələrilə naxçıvanlı sahibkarların görüşü təmin edilib. "Orqanik aqromədəniyyətə baxış: siyasət, çağırışlar və gələcək trendlər” və “Orqanik kənd təsərrüfatı və ekoloji tarazlıq” mövzularında panel iclasları təşkil olunub.